İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ BAŞ KATİBİ CƏNAB HİSSEYN BRAHİM TAHANIN MÜRACİƏTİ
Azərbaycan Halal Biznes və Turizm Forumu Azərbaycan Respublikası, Bakı
8-9 oktyabr 2024-cü il
Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin Sədri cənab Orxan Məmmədov,
İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru xanım Zehra Zümrüt Səlcuk, İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) baş katibi cənab İhsan Övüt, hörmətli iştirakçılar, xanımlar və cənablar.
Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu
Bu gün Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB) rəsmi açılışı üçün buraya toplaşmışıq. İlk növbədə Azərbaycan Respublikası Hökumətinə və xüsusilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA), İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinə (SESRIC) və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutuna (SMIIC) bu Forumun müvəffəqiyyətini təmin etmiş təşkilatçılıq və tədbirlərə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
AZHAB Forumunun bütün iştirakçılarını, dünyanın fərqli yerlərindən gəlmiş nümayəndələri, İƏT-ə üzv dövlətlərdən olan dövlət və özəl sektorun təmsilçilərini və dəvət olunmuş bütün qonaqları salamlamaq çox böyük şərəfdir.
Qlobal bazarların bir-birinə bağlı olduğu, mədəniyyətlərin qovuşduğu və daima inkişaf edən dünyamızda halal təcrübələr getdikcə daha aktual və vacib olur. Halal sənayesi təkcə qida ilə əlaqədar deyil, o, maliyyədən turizmə, kosmetikadan əczaçılıq məhsullarına və insan ehtiyaclarının digər aspektlərinə qədər həyatın bütün sahələrini əhatə edir. Bu, əsas məqsədi bütün bəşəriyyətin rifahı olan İslam prinsiplərinə uyğun yaşam yanaşmasıdır.
Son illərdə bütün dünyada halal məhsul və xidmətlərə göstərilən maraq ciddi şəkildə artmaqdadır. Halal bazarların ümumi dəyəri 2020-ci ildə 4,7 trilyon ABŞ dolları təşkil etmişdir və bu bazarların ölçüsünün 2024-cü ildə 6,0 trilyon ABŞ dollarına qalxması proqnozlaşdırılır. SESRIC-in verdiyi məlumatlara əsasən, halal sənayesi 2014-cü ildən 2020-ci ilə kimi 3,2 trilyondan 4,7 trilyona qədər dəyişən dəyəri ilə inanılmaz 47%-lik artım nümayiş etdirmişdir. Bu göstərici bu nəhəng və sürətlə inkişaf edən sahənin İƏT üzv dövlətləri tərəfindən tanınması zərurətini bariz şəkildə nümayiş etdirir. Bu prestijli tədbirdə bir araya gələrək bu sahənin inkişafını dəstəkləməyimizin səbəbi məhz budur. Biz halal sənayesinin İƏT üzv dövlətlərinin vacib sektoru olmasına inanırıq.
Üstəlik, halal sənayesinə marağın artması üzv dövlətlərin bu sənayedən istifadə etməsi və onu idarə etməsi üçün ciddi üstünlüklər gətirir. Effektiv strategiyalar və kollektiv koordinasiya halal təchizat zəncirinin optimallaşdırılması və bu dinamik sektorda istehlakçı davranışına uyğunlaşdırılması üçün əvəzolunmazdır. Sənaye və onun təchizat zənciri rəqabətə davam gətirmək üçün proaktiv şəkildə uyğunlaşmalı, yenilikləri qəbul etməli və dəyişməlidir.
Bugünkü forumun gündəliyində duran vacib məsələlərdən biri təşkilatçıların yaratdığı yeni anlayış - halal-yaşıl konsepsiyasıdır. Hamımız Allahın bizə istifadə etmək və gələcək nəsillərə ötürmək üçün hər şey verdiyini bilirik. Bu baxımdan halal-yaşıl konsepsiyasının məqsədi insanlar və onları əhatə edən ətraf mühit arasında müvafiq əlaqələrin və uzlaşmanın yaradılmasıdır. Bu anlayış eyni zamanda insanların Allah-Təalanın ümdə tarazlığı saxlayaraq yaratdığı təbiətin haqlarını da qəbul etməsinə istiqamətlənib. Halal-yaşıl sona çatmaq bilməyən qlobal böhranların içində dayanıqlı qida sistemlərinə nail olmaq təşəbbüsünün bir hissəsi kimi ekoloji təmiz təcrübələr və ətraf mühitə zərər verməyən prinsipləri halal təchizat zəncirinə inteqrasiya edən həll yollarından biridir. Beləliklə, halal-yaşıl konsepsiyası qida sistemlərinin dayanıqlı şəkildə dəyişməsinin rəhni kimi tullantıları aradan qaldırmaqla, habelə dayanıqlı qlobal qida sisteminin formalaşmasını uzunmüddətli dövrdə dəstəkləməklə bir sıra qlobal problemlərin öhdəsindən gəlməyə kömək edir. Halal-yaşıl anlayışı bizi dayanıqlı inkişaf naminə bəşər övladını və ətraf mühiti qorumaq məqsədilə tullantı və çirklənməni azaltmaq, yaşıl iqtisadiyyatları inkişaf etdirmək, halal standartlarını məşhurlaşdırmaq üçün yüksək keyfiyyətli məhsullar istehsal etməyə sövq edir.
İƏT-in müvafiq qurumları və digər maraqlı tərəflərin üzv dövlətlərlə daha yaxın əməkdaşlığın qurulması və möhkəmləndirilməsi, habelə halal sənayesində müəyyən edilmiş standartların dəstəklənməsi baxımından oynadığı rolu şişirtmək mümkün deyil. Müasir dünyanın yolumuza qoyduğu problemlərin öhdəsindən gələrkən nail olduğumuz rifahın bərabər və ədalətli şəkildə bölüşdürülməsinə çalışdığımızdan iqtisadi fəaliyyətlərimizin sadəcə halal deyil, eyni zamanda etik və dayanıqlı olmasına can atmalıyıq.
Ürəkdən ümid edirəm ki, bu forum biznes icmasının investisiya və ticarətlə bağlı yeni istiqamətləri araşdırması üçün möhtəşəm başlanğıc olacaq, onlara halal sektorunda potensial investisiya istiqamətlərini nəzərdən keçirmək və İslam dünyasının yeni iqtisadi nailiyyətləri və imkanlarını müzakirə etmək imkanı verəcək. Özəl sektorun biznes imkanlarının strateji planlaşdırılması və iqtisadi artımın stimullaşdırılması üçün rolu yalnız 2025-ci ildə İƏT-daxili 25% ticarət hədəfimizə çatmağımız üçün deyil, halal sənayesinin açdığı inkişaf üfüqlərini genişləndirmək üçün də vacibdir. Hökumətlərin halal sektorunun inkişafını sürətləndirmək üçün zəruri olan siyasət və qanunları qəbul etməsi də son dərəcədə vacibdir.
Hörmətli iştirakçılar,
Bu tədbirin halal yaşama sadiqliyimizi gücləndirərək və halal sənayesini ölkələrimizin iqtisadi inkişaf strategiyaları üçün ən nüfuzlu sektora çevirərək halal sənayesinə imkanlar gətirməyə və inkişaf üfüqlərini genişləndirməyə davam etməsi üçün ürəkdən dua edirəm.
Qoy Allah-Təala bu Foruma xeyir-duasını versin və onun müsəlman ümmətinin və bütövlükdə bəşəriyyətin ümumi mənafeyi naminə məqsədlərinə çatmasına imkan versin.
Vəssalamu əleykum və rəhmətullahi və bərəkətuhu.